İyunun 16-da Təhsil Nazirliyində «İngilis dilinin intensiv tədrisi» layihəsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrə dair tədbir keçirilib.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin «British Council» beynəlxalq təşkilatı ilə sıx əməkdaşlıq etdiyini nəzərə çatdırıb, birgə layihələrin uğurla həyata keçirildiyini bildirib və görülmüş işlər haqqında məlumat verib. Təhsil naziri «İngilis dilinin intensiv tədrisi» layihəsi barədə danışaraq qeyd edib ki, layihənin əsas məqsədi ingilis dili müəllimləri üçün tədris sahəsində ən son nailiyyətləri əks etdirən müasir ixtisasartırma-təkmilləşdirmə sisteminin yaradılması, ingilis dilinin tədrisində interaktiv təlim metodlarının və yeni pedaqoji texnologiyaların tətbiqindən ibarətdir.
Nazir onu da bildirib ki, 2003-cü ildən «British Council»un təşəbbüsü ilə Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyası (AzETA) yaradılıb və təşkilatın Bakıda baş ofisi, 8 regionda isə filialı fəaliyyət göstərir. Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından xarici dillərin tədrisi işinin təkmilləşdirilməsinin əhəmiyyətinə toxunan təhsil naziri beynəlxalq təcrübədə uğurla istifadə olunan metodikaların ölkəmizdə də tətbiqinin səmərəli nəticələr verdiyini bildirib. Misir Mərdanov ölkəmizin ümumtəhsil məktəblərində xarici dillərin tədrisi sahəsində mövcud olan problemlər və onların həlli üçün görülmüş işlərdən bəhs edib, 2008-2009-cu dərs ilindən Bakı şəhərində 7 pilot məktəbdə «İngilis dilinin intensiv tədrisi» layihəsinin həyata keçirildiyini nəzərə çatdırıb.
Nazir layihənin 189 sinifi və 5352 şagirdi əhatə etdiyi, məktəblərdə ingilis dilinin intensiv tədrisi üçün hazırlanmış yeni tədris planları, proqramları və müəyyənləşdirilmiş dərsliklər barədə məlumat verib. İngilis dilini intensiv tədris edəcək müəllimlərin hazırlığı məqsədi ilə «British Council»un təlimçiləri tərəfindən keçirilmiş təlim seminarlarında 7 pilot məktəbdən 120 nəfər müəllimin peşəkarlıq səviyyəsi və metodik bacarıqlarının artırıldığını bildirən təhsil naziri ingilis dili tədris edilən bütün ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinin zəruriliyini önə çəkib. Məhz bu amili nəzərə alaraq növbəti tədris ilindən ingilis dili intensiv tədris edilən məktəblərin sayının 20-yə çatdırılmasının nəzərdə tutulduğunu söyləyən Misir Mərdanov bununla əlaqədar qarşıda duran vəzifələri diqqətə çatdırıb, bir sıra təklif və tövsiyələrini verib.
«British Council»un Azərbaycan üzrə direktoru Pol Klementson «İngilis dilinin intensiv tədrisi» layihəsinin uğurla həyata keçirildiyinə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Təhsil Nazirliyinin birgə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayan P.Klementson rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən söhbət açıb və birgə layihələrin xalqlarımız arasındakı münasibətlərin inkişafına xidmət etdiyini nəzərə çatdırıb. Beynəlxalq aləmdə təhsil və biznes sahələrində uğur qazanmaq üçün ingilis dilini bilməyin əhəmiyyəti, dünyada ingilis dilindən istifadə edənlərin sayının sürətlə artması haqda fikirlərini bildirən «British Council»un Azərbaycan üzrə direktoru Azərbaycanda da ingilis dilinin intensiv tədrisi istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini söyləyib.
«İngilis dilinin intensiv tədrisi» layihəsi çərçivəsində həyata keçirilmiş tədbirləri nəzərə çatdıran «British Council»un proqramlar üzrə meneceri Gülşən Hüseynova görülmüş işlərin nəticələrinə dair faktları sadalayıb, milli dərsliklərlə yanaşı, Kembric Universitetinin nəşr etdiyi və Azərbaycan üçün məqbul olan dərslik komplektlərindən (şagird üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait, CD, audio vəsait və didaktik materiallar) istifadə olunduğunu bildirib. Gülşən Hüseynova ötən il pilot məktəblərin 85 müəlliminin I və VII siniflərdə dərslərinin «British Council» əməkdaşları tərəfindən müşahidə edildiyini vurğulayıb.
2011-ci ildə layihənin 4 aparıcı təlimçisinin Böyük Britaniyanın Vorvik Universitetində intensiv təlimlərdə iştirak etdiyini söyləyən «British Council»un proqramlar üzrə meneceri layihənin ümumi monitorinqinin yekun nəticələrini diqqətə çatdırıb. Gülşən Hüseynova Azərbaycanda ingilis dilinin tədrisinə ayrılmış saatların həcmini digər ölkələrdəki uyğun göstəricilərlə müqayisə edib, layihənin səmərəliliyini artırmaq üçün bir sıra müvafiq təkliflərini bildirib.
Комментариев нет:
Отправить комментарий